"Ötən həftə ilk dəfə olaraq Türkiyə ilə Ermənistan arasında birbaşa sülh danışıqlarının keçirilməsi region üçün mühüm siyasi hadisədir. Bu danışıqların baş tutması faktı onu göstərir ki, Ermənistan artıq regionda mövcud geosiyasi reallıqları nəzərə almadan hərəkət edə bilməz”.
Bunu hafta.az-a siyasi şərhçi Bəhruz Quliyev Türkiyə-Ermənistan arasında aparılan birbaşa danışıqların əhəmiyyətini şərh edərkən bildirib.
B.Quliyev qeyd edib ki, sülh prosesi ilk növbədə, Ermənistanın qonşuları ilə münasibətlərini normallaşdırmaq istəyini nümayiş etdirir:
"Burada sual ortaya çıxır - Ermənistan bu danışıqlarda səmimi və praqmatikdir, yoxsa sadəcə vaxt qazanmaq istəyir? Əlbəttə ki, Azərbaycanın maraqları bu prosesin ayrılmaz hissəsidir. Çünki Ankara–Yerevan münasibətlərinin açılması Bakının razılığı və maraqları nəzərə alınmadan mümkün deyil. Rəsmi Türkiyə də dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması yalnız Azərbaycan-Ermənistan münasibətlərində real irəliləyiş baş verdiyi halda reallaşa bilər. Yəni Bakı bu məsələdə açar rolu oynayır və bu, həm regional güc balansının, həm də qardaşlıq münasibətlərinin nəticəsidir".
B.Quliyev bildirib ki, münasibətlərin tam normallaşması konkret şərtlərdən asılıdır. Belə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımalı, sərhədlərin delimitasiya və demarkasiya prosesində real irəliləyiş olmalı, Ermənistandakı revanşist dairələrin təsirinin zəifləməsi və sülh müqaviləsinin imzalanması üçün siyasi iradə nümayiş etdirilməlidir:
"Bu şərtlər daxilində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün görünür. Zaman baxımından isə bu, yaxın aylar və ya bir il ərzində baş verə bilər. Amma prosesin sürəti birbaşa Ermənistanın səmimiyyətindən və regiondakı yeni reallıqları qəbul etməsindən asılı olacaq. Əgər Ermənistan bu dəfə də qeyri-konstruktiv mövqedən çıxış etsə, bütün proses yenidən dayanacaq. Lakin bugünkü vəziyyət göstərir ki, Ermənistan əvvəlkindən daha çox çıxılmaz vəziyyətdədir və sülh yolu onun üçün alternativsizdir".